`Nazirliklərin birləşdirilməsi beynəlxalq praktikaya uyğundur` - Ekspert


20:02     13 Fevral 2017 1014123_10203077724002028_512168627_n.jpg

“Nəqliyyat Nazirliyinin ləğvi gözlənilən idi. Son illər sözügedən ləğv edilmiş nazirliyin səlahiyyətləri mərhələli şəkildə müxtəlif dövlət qurumları arasında paylaşdırılmışdı. Nəqliyyat Nazirliyinin ləğv edilərək məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi beynəlxalq praktikaya uyğun atılan addımdır”.


Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramlı deyib.

Vüqar Bayramlı bildirib ki, növbəti mərhələdə struktur islahatlarının aparılması zəruridir:

“Finlandiya, Avstriya, Norveç, Almaniya (Nəqliyyat və Digital İnfrastruktur formasında), Bolqarıstan, Makedoniya, Kipr, Türkiyə, Andorra, Çili, Peru, İsveçrə (federal department formasında), Latviya, Bosniya və Herseqovina, Qətər, Oman, Myanmar və bir sıra ölkələrdə nazirliklər bu və ya oxşar adlar ilə fəaliyyət göstərirlər. Bu adddımdan sonra Azərbaycanda struktur islahatların davam etdirilməsi çox vacibdir. Stuktur islahatları çevik idarəetmə, xərclərə qənaət və xeyili dərəcə də şəffaf menecment deməkdir”.

Ekspert gələcəkdə digər mərkəzi icra hakimiyyəti orqanlarının da birləşdirilməsini təklif edib:

“İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2011-ci ildə hazırladığı struktur islahatları paketində nəzərdə tutulan bir sıra təkliflər ötən müddətdə reallaşsa da, bəzi təkliflərimizin növbəti dövrdə reallaşmasını məqsədəuyğun hesab edirik. CESD «Azərsu», Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin ləğv edilməsi, onların bazasında Dövlət Su Agentliyinin yaradılmasını, Dövlət Gömrük Komitəsinin ləğv edilməsi və ayrıca idarə kimi Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərməsini, İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibindəki Antiinhisar Departamentinin nazirlikdən ayrılması, onun bazasında Rəqabətin Müdafiəsi Agentliyinin yaradılmasını, Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin Neft Şirkətinə, digər qismininsə İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsini (bu nazirliyin bazasında Yanacaq Energetika Departamentinin yaradılması) və digər islahatların aparılmasını təklif edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılması haqqında sərəncam imzalayıb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1430


Oxşar xəbərlər